Aprelin 26-da Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman nazirliklərinin və Kəngərli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum günü münasibətilə Şahtaxtı kənd tam orta məktəbində tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə görkəmli akademikin adını daşıyan məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyub, alimin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış olublar. Tədbirdə oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə gənclər və idman naziri vəzifələrinin icraçısı, nazir müavini Məcid Seyidov, təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov, Kəngərli rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Şahtaxtı kənd tam orta məktəbinin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Etimad Məmmədov çıxış edərək görkəmli akademikin həyat və fəaliyyətindən danışıblar. Bildiriblər ki, Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş İttifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilib. Vurğulanıb ki, Zərifə xanım həmin mükafata layiq görülən ilk qadın alim idi.
Qeyd olunub ki, görkəmli alim 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi kimi tarixə düşüb. Zərifə xanım Əliyeva yüksəkixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf edib. Onun birbaşa rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib. Apardığı elmi tədqiqatların sosial əhəmiyyəti, özünün ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi-tədqiqat işlərində böyük xidmətləri layiqincə qiymətləndirilərək 1983-cü ildə Zərifə xanım Əliyeva Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib. Oftalmoloq-alim xidmətlərinə görə orden və medallarla təltif olunub, Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.Bildirib ki, Zərifə xanım nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazının parlaq təcəssümüdür. Görkəmli alimin ömür yolu şagirdlərimiz üçün əsl nümunədir.
Tədbirin bədii hissəsində Şahtaxtı kənd tam orta məktəbinin şagirdləri Zərifə xanım Əliyevaya həsr olunan şeirlər bədii qiraət ediblər.